1news.az

İŞİD-dən azad olunmuş ərazilərdən Reportaj - FOTO

20 Dekabr saat 15:40 ~ 6 dəqiqəlik oxu 353
İŞİD-dən azad olunmuş ərazilərdən Reportaj - FOTO

“Biz bitdik, amma daş divarlar 10 illər boyunca sizinlə savaşacaq”. İraqda ordu tərəfindən ələ keçirilmiş İŞİD-in əsas fiqurlarından biri belə deyib. Həqiqətən də İraqda İŞİD bitsə də, onun vurduğu ziyandan xilas olmaq üçün illər lazım gələcək. İŞİD terror qruplaşması İraqda ələ keçirdiyi bütün ərazilərin altını üstünə çevirib, daşı daş üstə qoymayıb. Özündən sonra insanlar daha çox ziyan çəksin deyə tərk etdiyi əraziləri minalayıb, salamat qalmış, yarı uçurulmuş yaşayış yerlərini bombalayıb.

Əsasən turkmanların yaşadığı Tazəhurmatı vilayətinin bir sıra kəndləri İŞİD-in işğalı altında olub. Tazəhurmatıda təxminən 35 min turkman yaşayıb. Ərazidəki ən böyük kəndlərdən biri beş min nəfərdən çox insanın yaşadığı Bəşir kəndidir. Buranın şəhər mərkəzi ilə məsafəsi 2.5 km-dir. Kənd İŞİD-dən 2017-ci ilin əvvəlində tamamilə azad edilib. Amma kənddə salamat qalan heç nə olmayıb.

İŞİD burada məscidi,

Həzrət Əlinin evini,

Məzarlığı,

Məktəb, xəstəxana, bir sözlə, hər yeri dağıdıb.

 

İŞİD yaraqlıları öz qərərgahlarına çevirdikləri orta məktəbi kəndi tərk edən zaman partladıblar. Məktəb indi bərpa edilib, hazırda Türk Qızıl Ay burada öz vəsaiti hesabına yeni məktəb tikir.

Kənd azad edildikdən sonra insanlar yavaş-yavaş əraziyə dönməyə başlayıblar. Kənddə su, işıq tədricən bərpa edilib. Hələ ki, bərpa işlərinə Bağdad hökuməti tərəfindən vəsait ayrılmayıb, yerli sakinlər bərpa işlərini öz imkanları hesabına aparırlar.

İŞİD-in darmadağın etdiyi ərazilərdən biri də Təlafərdir.

Burada 500 minə yaxın turkman yaşayır, Suriya ilə sərhəddir və strateji nöqtə sayılır. İŞİD burdan çıxarılsa da, Təlafəri bərpa etmək, qurmaq üçün illər lazım gələcək. Burada nə su, nə elektrik, nə də infrastruktur var. İŞİD-dən azad edildikdən sonra əraziyə cəmi 42 min ailə köçüb. İnsanlar geri dönməkdən qorxurlar. Çünki Təlafərdə yollar minalanıb, demək olar ki, hər yer bombalanıb. İnsanlar geri qayıdıb, az-çox salamat qalmış, yarıuçurulmuş evlərinə daxil olmaq istəyəndə partlayışın qurbanına çevrilirlər. Bombalar soyuduculara, televizorlara, divana və digər yerlərə quraşdırılıb. Təkcə 50 nəfərdən çox insan məhz bu bombaların patlamasının qurbanına çevrilib. Ona görə də Təlafər sakinləri arasında geri qayıtmaq qorxusu var.

Bu gün ərazinin bir problem də minaların zərərsizləşdirilməsi üçün lazımi sayda mütəxəssisin və cihazların olmamasıdır. Cəmi 7 nəfərlik mina axtaran qrup olub ki, onlardan da üç nəfəri elə minaların qurbanına çevrilib. İndi texnikasız və müasir cihazlarsız işləyən 4 nəfərdən ibarət qrupun bu işin öhdəsindən gəlməsi mümkün deyil. Onlar qonşu ölkələrə, o cümlədən Azərbaycana bu məsələdə yardımla bağlı müraciət ediləcəyini deyirlər.  

Təlafərdə kütləvi məzarlıqlar da var. Belə ki, insanların edam edilərək ərazidəki Abuantar adlandırılan 100 metrə yaxın dərinliyi olan qədim bir quyuya atıldığı məlumdur. Ancaq kütləvi məzarlıq təkcə bu quyu ilə məhdudlaşmır. Ərazidə digər yerlərdə də kütləvi məzarlıqların olduğu ehtimal edilir. Lakin hələlik həmin quyu açılmayıb. Çünki bunun üçün İraqın xarici işlər, səhiyyə, daxili işlər nazirlikləri və digər qurumlarından nümayəndələr gəlib araşdırmalar aparmalıdırlar.

Təlafərdə universitet, xəstəxana, məktəb, dükanlar, marketlər partladılıb. Əraziyə qayıtmış insanlar çox əziyyət çəkirlər. Su tankerlərlə gətirilir ki, bu da sakinlərin ehtiyaclarını ödəmir.

Həmsöhbətim Təlafər sakini Riyaz Məsim deyir ki, əhalinin sıxıntıları çoxdur: “Hökumətdən maaş almırıq, iş yerləri yoxdur. Hökumət hələ ki, təkcə orduya pul ayırır. Türkiyə tərəfindən insanlara humanitar yardım göndərilir ki, bu da yeterli deyil”.

İŞİD-in işğalına qədər artıq Təlafər 4 minə yaxın şəhid vermişdi, 6 min 800 nəfər isə yaralı olub. İşğaldan sonra daha 2 min nəfər şəhid olub. 

R.Məsim 17 ailə üzvü və yaxın qohumlarının İŞİD-in qurbanına çevrildiyini deyir. Ailə üzvü olan gənc xanım isə minaya düşərək bir ayağını itirib.

İndi təkcə Təlafərdə deyil, elə İraqın özündə ən təhlükəli ərazi Ayaziyyə kəndidir. Bura Təlafərdə İŞİD-in son istinadgahı olub və İŞİD təhlükəsi hələ də qalır. Ayaziyyədə 70-dək quyu var ki, hardan başlayıb bitmələri bəlli deyil.

Həmin quyular bombalansa da, orada olduğu ehtimal edilən İŞİD üzvlərinin ölüb qaldığı bəlli deyil. Adının açıqlanmasını istəməyən yüksək rütbəli hərbçilərdən biri deyir ki, quyuların tamamilə məhv edilməsindən çəkinirlər. Çünki orda İŞİD-in girov götürdüyü mülki insanlar da ola bilər. Əgər quyular tamamilə partladılsa, o zaman mülki insanlar zərər çəkəcək. Bu yaxınlarda ərazidə təhlükəsizliyə nəzarət edən “Haşdi Şabi”nin hərbçisi quyudan çıxan terrorçunun qurbanına çevrilib. Belə ki, terrorçu hərbçini qucaqlayaraq özünü partladıb. Nəticədə hərbçi də şəhid olub. Başqa bir quyuya isə üç hərbçi enib, bu zaman onların qarşısına çıxan terrorçu özünü partladıb və daha öndə olan bir hərbçi də partlayışın qurbanı olub.

İraq ordusunun yüksək rütbəli hərbçisi deyir ki, bəlkə həmin ərazidə çox az sayda İŞİD üzvü qalıb: “Ola bilsin ki, gecə yarı quyulardan çıxırlar. Amma mülki əhalinin orda daha çox sayda olması ehtimalı qalır”.

Ayaziyyə hazırda demək olar ki, qapalı ərazidir. İŞİD son istinadgahı olduğu üçün burda daha böyük qətillər həyata keçirə bilib. Belə ki, bəzi ailələr kütləvi şəkildə qətlə yetirlib. Meyitlər artıq çürüyüb, tanınmaz hala düşsə də, burada hələ ki, hökumət tərəfindən heç bir tədbir görülmür. Vəziyyət belə davam edərsə, Ayzaiyyə həm də bir xəstəlik mənbəyinə çevrilə bilər…

Həqiqətən də İraqda İŞİD bitsə də, nə təhlükə tam bitib, nə İraq tam olaraq öz sabitliyinə qovuşub. 2003-cü ildən bəri müharibənin, terrorun meydanına çevrilmiş İraqın özünə gələ bilməsi üçün hələ uzun müddət lazım gələcək…

Pərvanə Sultanova

Bakı-Bağdad-Bakı 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net