1news.az

Bakıda ikinci milli BMT modeli konfransı keçirilir – FOTO

18 Dekabr saat 14:50 ~ 4 dəqiqəlik oxu 210
Bakıda ikinci milli BMT modeli konfransı keçirilir – FOTO

Bu gün Bakıda II MilliMUN – BMT Modeli üzrə Milli Beynəlxalq Konfrans öz işinə başlayıb.

1news.az-ın məlumatına görə, konfransda diplomat qismində 20-dən çox ali təhsil müəssisəsindən və orta məktəbdən 250-dən artıq gənc iştirak edir.

Dekabrın 21-də başa çatacaq konfransın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, MBT Modelinin əsası 2013-cü ildə Bakıda keçirilmiş beynəlxalq tədbirdə qoyulub:

“İlk dəfə MilliMUN konfransı 350-yə yaxın gənc iştirakı ilə 2016-cı il 20-23 fevral tarixlərində keçirilib. MilliMUN-un 2015-ci ildə Daşkəsəndə, 2016-cı ildə Naxçıvan və İsmayıllıda keçirilən yay məktəbləri və konfransları gənclərin bir araya gəlməsində böyük rol oynayıb.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 gənc MilliMUN modelində Romada, Oksfordda, Vyanada, İstanbulda, Astanada, hamburqda və digər şəhərlərdə keçirilən konfranslarda iştirak edib”.

MilliMUN modelinin gənclərə öz fərdi bilik və bacarıqlarını inkişaf etdirmələri üçün böyük bir dəstək olduğunu deyən nazirin sözlərinə görə, gənclər burada öz dil və yazı bacarıqlarını inkişaf etdirməklə bərabər BMT ilə bağlı da biliklərini artırmaq imkanı əldə edirlər:

“Ümid edirik ki, növbəti dörd gün ərzində gənclər aparılan müzakirələrdə çox fəal olacaqlar və qaldırılan problemlərin həllində öz təkliflərini irəli sürəcəklər”.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, təhsil naziri vəzifəsini müvəqqəti olaraq icra edən Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları ölkəmizdə ikinci dəfə keçirilən bu tədbirin gənclərin inkişafı, onların qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Konfransın gənclərin həm milli, həm də beynəlxalq səviyyədə ölkə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalarına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Çıxışlardan sonra konfransla bağlı “BMT modeli” adlı videoçarx nümayiş etdirilib. Daha sonra tədbir panel iclaslarla işini davam etdirib.

Nəzərinizə çatdıraq ki, konfrans çərçivəsində BMT-nin 3 komitəsinin işi simulyasiya ediləcək. Belə ki, konfransda “BMT Təhlükəsizlik Şurası – Myanmardakı vəziyyət”, “Dünya Bankı – Kriptoməzənnənin statusu: perspektivlər və risklər”, “Dünya SəhiyyəTəşkilatı – İqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mövzularında müzakirələr aparılacaq.

Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçiblər.

Hər komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı nümayəndə heyəti”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı”sı seçiləcək. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, MBT Modeli Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində reallaşdırılır.

Tədbirin və layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. İndiyə qədər MBT Modeli hərəkatının genişlənməsi istiqamətində bir sıra işlər görülüb – ali təhsil müəssisələrindən BMT Modeli haqqında təqdimatlar keçirilib, MUN klubları yaradılıb, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilib. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılıb. Həmçinin BMT Modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib.

BMT modeli gənclərə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və təşkilatın digər qurumlarının işinin real həyatda simulyasiyasıdır. Bu modeldə gənclər təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparır və seçilən mövzu üzrə mövcud problemləri həll etmək üçün tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, qətnamə qəbul etməyə çalışırlar. BMT modeli iştirakçılara öz şəxsi və iş bacarıqlarını artırmağa imkan verən bir vasitədir. BMT modeli ilə məşğul olan zaman gənclər öz xarici dil, danışıq, təqdimat, əməkdaşlıq, rəsmi yazı və ünsiyyət bacarıqlarını inkişaf etdirir, BMT-yə daxil olan qurumlar və ölkələr haqqında, həmçinin müzakirə edilən mövzular barədə biliklərini təkmilləşdirirlər.

Babək Cahandarov

Foto: AZƏRTAC

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net