1news.az

Azərbaycanın Qüds məsələsində rolu: müstəqil siyasət və ədalətli mövqe – FOTO

25 Dekabr saat 18:40 ~ 9 dəqiqəlik oxu 169
Azərbaycanın Qüds məsələsində rolu: müstəqil siyasət və ədalətli mövqe – FOTO

Məlum olduğu  kimi, ABŞ prezidenti Donald Trump-ın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı olaraq tanıması bütün müsəlman aləmində kəskin etirazla qarşılandı.

Onun ABŞ Dövlət Departamentinə ABŞ-ın səfirliyini Tel Avivdən Yerusəlimə köçürməyə dair hazırlıqlara başlamağa göstəriş verməsi isə narazılıqları daha da artırdı.

Bir çox ölkələrdə müsəlmanlar Trampın qərarına etiraz aksiyaları keçirməklə cavab verdilər.

Fələstinli prezident Mahmud Abbas Trump-ın qərarının “acınacaqlı” olduğunu və Qüdsün (Yerusəlimin) “Fələstin dövlətinin əbədi paytaxtı” olduğunu vurğuladı. İslamçı Həməs hərəkatının liderləri isə fələstinliləri yeni intifada-ya və ya qıyamətə çağıraraq bunun İsrail və ABŞ-a qarşı durmağın yeganə yolu olduğunu bəyan etdilər.

Hətta ABŞ-ın ən yaxın müttəfiqləri belə onun bu qərarına qarşı çıxaraq öz kəskin mövqelərini nümayiş etdirdilər. Səudiyyə Ərəbistanı Trump-ın qərarını “əsassız və məsuliyyətsiz” adlandırdı. Fransa və Britaniya isə onun bu addımını dəstəkləmədiklərini bəyan etdilər.

Məsələyə Azərbaycanın mövqeyi özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, Azərbaycan Şərqi Yerusəlimin Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır:

“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”.

Vəziyyətin getdikcə gərginləşməsini görən dünya liderləri məsələni BMT-nin xüsusi iclasında müzakirəyə çıxarmağı lazım bildirlər.

Az sonra BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul etdi.

Xatırladaq ki, Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. ABŞ prezidenti Donald Tramp isə ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.

Buna baxmayaraq 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.

Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.

Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.

Azərbaycanın dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunması və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirməsi də xüsusi qeyd olunmalıdır.

Baxmayaraq ki, bir çox islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayıb və daha aşağı səviyyədə təmsil olunublar. Bəzi türkdilli dövlətlər, o cümlədən Türkmənistan isə ümumiyyətlə türkdilli dövlətlərin ortaq maraqları, İslam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər. Bu isə ancaq və ancaq təəssüf doğura bilər.

İstanbulda keçirilən zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarının ölkəmizdə böyük narahatlıq yaratdığını deyib. Bildirib ki, bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır:

“Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir.

2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.

Prezident İlham Əliyev bu çıxışı ilə bir daha ölkəmizin müstəqil siyasət yürütdüyünü nümayiş etdirməklə yanaşı, ölkəmizin hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını göstərmiş oldu.

İstanbulda keçirilən zirvə görüşündən az sonra, dekabrın 21-də Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilməsi isə ölkəmizin İslam həmrəyliyinə necə böyük önəm verdiyini bir daha sübut etdi.

Məhz müstəqil, ardıcıl və prinsipial siyasətin, dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini   tolerantlığını daha da genişlənməsinə verdiyi mühüm töhvələrin nəticəsidir ki, həmin beynəlxalq konfrans yüksək səviyyəli auditoriya toplayıb. Dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlar və s. daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir.  

Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın  möhkəmlənməsinə əməli töhfərin bariz nümunəsidir.

Politoloq, millət vəkili Rasim Musabəyov AzVision.az-a bildirib ki, Qüds məsələsində Azərbaycanın mövqeyi prinsipialdır:

“Biz bu mövqeyi İstanbulda bilavasitə səsləndirdik. Azərbaycan qəbul olunan qətnaməyə dəstək verdi. ABŞ prezidenti Donald Trampın qərarı qəbulolunmaz hesab edildi. Amma, Azərbaycan İsraillə nə diplomatik əlaqələri kəsəcək, nə də ABŞ-la çəkişməyə qoşulacaq. Bu ölkələrlə münasibətlərimiz normaldır və gələcəkdə də inkişaf edəcək”.

R.Musabəyov vurğulayıb ki, Qüds məsələsi İsrail-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək: “İsrail nə edib ki? İsrail xeyli əvvəl hökumətini və parlamenti Qüdsdə yerləşdirib. Qüdsü isə öz paytaxtı kimi çoxdan elan edib. İndi dəyişilən odur ki, ABŞ bu qərara qoşulub. Buna görə İsraillə münasibətləri pisləşdirməyə əsas yoxdur. Düşünmürəm ki, bu məsələ Azərbaycan-İsrail münasibətlərinə təsir göstərsin. Azərbaycanın İsraillə münasibətləri inkişaf edir”.

Millət vəkili Asim Mollazadə isə Azərbaycanın belə məsələlərə yanaşmasının hər zaman beynəlxalq hüquq normalarına uyğun olduğunu deyib:

 “Azərbaycanın qərarı birmənalı olaraq BMT-nin təməl sənədlərinə əsaslanır. Azərbaycan bu cür məsələlərdə münaqişələrin həllində maraqlıdır. Azərbayca özü də BMT qərarlarına hörmətsizliyin qurbanıdır”.

A.Mollazadə hesab edir ki, Azərbaycanın bütün qərarları beynəlxalq hüquq normalarına əsaslandığına görə, Qüds məsələsi heç vaxt Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək: “Azərbaycanın mövqeyi təmkinlidir və beynəlxalq hüquq normalarına əsaslanır”.

Millət vəkili Elman Nəsirov isə 1news.az-a açıqlamasında Qüds ətrafında yaranmış böhranla bağlı Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətli mövqe ortaya qoyduğunu və  siyasi iradə nümayiş etdirdiyini deyib. Onun  sözlərinə görə, dövlət başçısı bu məsələdə bir daha Azərbaycan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını, eyni zamanda Fələstin-İsrail münaqişəsi və Qüdsün özü ilə bağlı BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarları müdafiə etdiyini ifadə elədi:

“Bununla da dövlət başçısı beynəlxalq hüquqa nə qədər hörmət etdiyini bütün dünyaya nümayiş etdirdi. O, hələ İstanbulda İslam Əmkdaşlıq Təşkilatının fövqəladə zirvə görüşündə də açıq şəkildə öz mövqeyini ifadə etdi. Bildirdi ki, ABŞ-ın bu qərarı nəticə etibarilə Yaxın Şərqdə onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir, eyni zamanda Fələstin-İsrail münaqişəsinin həlli imkanlarını daha da buxovlayır və nəticə etibarilə çox qəliz bir regionda hadisələrin ən gözlənilməz, ən mürəkkəb ssenari üzrə inkişafına gətirib çıxara bilər. Yəni, böyük fəlakətlərə səbəb ola bilər. Bütün bunlar Azərbaycan ictimaiyyətini çox narahat edən məsələlərdir.

Cənab prezident vəziyyətdən çıxış yolunu da göstərdi. Qeyd etdi ki, indiki vəziyyətdə ən düzgün addım ABŞ-ın bu mövqeyindən geri çəkilməsi olar. Bununla da yaranmış mürəkkəb vəziyyətdən çıxış yolu tapılmış olar”.

Millət vəkili bildirib ki, Azərbaycan prezidentinin bu mövqeyini dövlətimiz BMT Baş Məclisində bu məsələ ilə bağlı sənədin müzakirəsi zamanı da nümayiş etdirdi və Azərbaycan ABŞ-ın qərarının əleyhinə olduğunu öz səsi ilə də nümayiş etdirdi. Bu mövqe bir daha göstərdi ki, Azərbaycan dövləti və onun başçısı müstəqil xarici siyasət kursu həyata keçirir və bu müstəqil xarici siyasət kursu dövlətimizin milli maraqlarının müdafiəsinə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə istinad edir:

“Azərbaycan prezidentinin mövqeyi, eyni zamanda səsvermə zamanı Azərbaycan dövlətinin məlum davranışı bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın bu addımı heç bir halda nə ABŞ-ın, nə də İsrailin əleyhinə deyil. Həmin dövlətlərlə Azərbaycan arasında inkişaf edən strateji tərəfdaşlıq münasibətləri var. Sadəcə Azərbaycan beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hörmət edən dövlət olduğundan onun bu addımı, bu davranışı məntiqi və anlaşılandır.

Hesab edirəm ki, bu davranış Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirdi. Bütün beynəlxalq ictimaiyyət bir daha gördü ki, Azərbaycan dövləti heç bir halda üçüncü tərəfin, hər hansı bir böyük dövlətin, beynəlxalq təşkilatın və beynəlxalq siyasi dairənin diqtəsi ilə deyil beynəlxalq hüquqa, Azərbaycanın milli maraqlarına söykənən və İslam həmrəyliyinə xidmət edən bir addım atıb”.

Babək Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

OXUCULARIN SEÇİMİ

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net